İndoneziyanın şərqində, Flores adası yaxınlığında 7,7 bal gücündə güclü zəlzələ baş verib.
Xəbər Yerində beynəlxalq mediaya istinadən xəbər verir ki, yeraltı təkan avqustun 15-də yerli vaxtla səhər saatlarında qeydə alınıb. ABŞ Geoloji Xidməti (USGS) və digər seysmoloji qurumların məlumatlarına görə, zəlzələnin ocağı Flores adasının şimalında, Ende şəhərindən təxminən 68 kilometr aralıda yerləşib. Zəlzələnin ocağı təxminən 10-15 kilometr dərinlikdə olub.
Güclü zəlzələdən sonra bölgədə bir sıra afterşoklar qeydə alınıb. Dağıntılar nəticəsində ölənlərin olduğu bildirilir. Reuters-in son məlumatına görə, azı 5 nəfər həyatını itirib. Bir sıra yaşayış məntəqələrində binalara ziyan dəyib, bəzi tikililər dağılıb, elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Zəlzələdən sonra İndoneziyanın Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi (BMKG) tərəfindən sunami xəbərdarlığı elan edilib. Sahil ərazilərində yaşayan sakinlər daha yüksək ərazilərə təxliyə olunmağa çağırılıb.
Lakin təxminən üç saat sonra sunami xəbərdarlığı ləğv edilib. Buna qədər bəzi ərazilərdə hündürlüyü 1 metrdən aşağı olan sunami dalğalarının qeydə alındığı açıqlanıb.
Zəlzələ nəticəsində Nagekeo bölgəsində təxminən 2 min nəfərin evlərini tərk etdiyi, Ende şəhərində isə xəstəxanadakı pasiyentlərin təhlükəsizlik məqsədilə binadan çıxarıldığı bildirilib.
İndoneziya Sakit okeanın “Atəş halqası” adlandırılan yüksək seysmik aktivlik zonasının üzərində yerləşdiyindən ölkədə güclü zəlzələlər tez-tez baş verir.





