Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, valideynlərindən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyni işğal olunmuş rayon və ya şəhər üzrə daimi qeydiyyatda olan uşaqlara da “məcburi köçkün” statusu veriləcək.
Bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə müvafiq qaydalara edilən dəyişiklikdə əksini tapıb.
Dəyişiklik rayonun işğalından sonra həmin ərazilərdə qeydiyyatda olan valideynlərin dünyaya gəlmiş övladlarını əhatə edir. Xidməti iş və qanunvericiliklə müəyyən edilmiş digər hallar səbəbindən başqa şəhər və rayonlarda daimi qeydiyyata düşmüş valideynlər isə istisna təşkil edir.
Status almaq üçün hansı sənədlər tələb olunur?
Yeni qaydalara əsasən, məcburi köçkün statusu almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);
- Ananın şəxsiyyət vəsiqəsinin və nikah haqqında şəhadətnaməsinin surəti (əsli ilə birlikdə);
- Nikah pozulduğu halda, nikahın pozulması haqqında şəhadətnamə, nikah olmadığı təqdirdə isə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə;
- Atanın şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);
- Atanın “məcburi köçkün” vəsiqəsi və ya məcburi köçkün düşməsi barədə işğal nəticəsində tərk etdiyi rayonun icra hakimiyyəti başçısı və ya müavini tərəfindən verilmiş arayış;
- Ağ fonda çəkilmiş 2 ədəd 3×4 ölçülü rəngli fotoşəkil.
Beləliklə, yeni dəyişikliklə işğaldan sonra doğulan və müəyyən edilmiş şərtlərə cavab verən şəxslərin də məcburi köçkün statusu alması mümkün olacaq.

