İsmayıllı rayonunda meşə yanğınlarının qarşısının alınması və belə hallarda aidiyyəti qurumların çevik fəaliyyətinin təmin edilməsi məqsədilə praktiki təlim təşkil olunub.
Xeber yerinde xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının birgə təşkilatçılığı ilə 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qalınçaq Meşəbəyliyinin 3 saylı Meşə dolayında “Meşə yanğınlarının qarşısının alınması” mövzusunda təlim keçirilib.
Təlimdə müxtəlif qurumların nümayəndələri iştirak edib
Praktiki tədbirə FHN, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli strukturlarının əməkdaşları qatılıblar.
Bundan başqa, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, ərazidə fəaliyyət göstərən sahibkarlar və sakinlər də təlimdə iştirak ediblər.
Çıxışlar zamanı meşə yanğınlarının qarşısının alınmasında qabaqlayıcı tədbirlərin mühüm rol oynadığı vurğulanıb. Meşə və yaşıllıq ərazilərində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərə, sahibkarlara, istirahət edənlərə və meşəlik ərazilərin yaxınlığında yaşayan sakinlərə odla davranarkən diqqətli olmaları barədə tövsiyələr verilib.
Şərti yanğının söndürülməsi nümayiş etdirilib
Tədbir çərçivəsində iştirakçılara yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirici materiallar paylanılıb.
Daha sonra aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə meşə ərazisində şərti yanğının söndürülməsi üzrə praktiki əməliyyat keçirilib və fövqəladə vəziyyət zamanı görüləcək tədbirlər nümayiş etdirilib.











