İstanbulun Bakırköy rayonunda yerləşən 6 mərtəbəli hoteldə yanğın baş verib.
Xəbər Yerində türkiyə mətbuatına istinadən xəbər verir ki, alov binanın birinci mərtəbəsində başlayıb və qısa müddət ərzində digər mərtəbələrə yayılıb.
Hadisə yerinə çoxsaylı xilasedici və yanğınsöndürən cəlb olunub. Yuxarı mərtəbələrdə köməksiz vəziyyətdə qalan 7 nəfər təhlükəsiz şəkildə binadan çıxarılıb.
Yanğın nəticəsində 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara çatdırılıb.
Təxminən bir saat davam edən əməliyyatın ardından yanğın tamamilə söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.

