İsveçdə seçkilərin ən gənc namizədi azərbaycanlıdır

İsveçdə seçkilərin ən gənc namizədi azərbaycanlıdır

İsveçin Gevle şəhərində keçiriləcək bələdiyyə seçkilərində yaşı ilə diqqət çəkən iki namizəd mübarizə aparır.

“Yaşıllar” Partiyasının 95 yaşlı üzvü Ken Kubulenso və “Mötədillər” Partiyasının 18 yaşlı namizədi Rihad Ələkbərov bələdiyyə şurasında yer almaq üçün namizədliyini irəli sürüb.

İsveçin SVT telekanalı hər iki namizədi bir araya gətirərək onların həyat və siyasətlə bağlı fikirlərini öyrənib.

Yamaykada doğulan Kubulenso İkinci Dünya müharibəsi başlayanda 8 yaşında olub. Ələkbərov isə İsveçdə “iPhone”un satışa çıxarıldığı ildə dünyaya gəlib və müsahibədən bir neçə gün əvvəl 18 yaşını tamamlayıb.

Aralarındakı 77 illik yaş fərqinə baxmayaraq, hər iki namizəd cəmiyyətdə müsbət dəyişikliklərə nail olmaq istədiklərini bildirib.

Müsahibə zamanı Ələkbərov keçmiş dövrlərdə həyatın daha sadə olduğunu düşündüyünü deyib. Onun sözlərinə görə, internet və mobil telefonların olmadığı vaxtlarda insanların seçim imkanları daha məhdud olub.

18 yaşlı namizəd həmçinin öz partiyasından fərqli düşündüyü məsələlərdən birini də açıqlayıb. O, İsveçdə alkoqol satışına dövlət nəzarətini həyata keçirən “Systembolaget” sisteminin qorunmasını dəstəklədiyini bildirib.

Ələkbərov alkoqol istehlakının daha əlçatan edilməsinin tərəfdarı olmadığını vurğulayıb.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir