Jurnalistikaya qəbul olmaq istəyənlər sabah imtahan verəcəklər

Jurnalistikaya qəbul olmaq istəyənlər sabah imtahan verəcəklər

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

DİM-dən bildirilib ki, imtahanda internet vasitəsilə qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanında müsabiqə şərtini ödəmiş abituriyentlər iştirak edə biləcəklər. Bu il imtahanda 827 abituriyentin iştirakı nəzərdə tutulur.

Qabiliyyət imtahanı Bakı şəhəri ilə yanaşı, DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Kürdəmir və Şirvan şəhərlərində təşkil olunacaq. İmtahan kompüter vasitəsilə keçiriləcək və abituriyentlər inşanı elektron formada yazacaqlar.

İmtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək. Buraxılış rejimi isə saat 09:45-də başa çatacaq. Bu vaxtdan sonra imtahan binasına gələn iştirakçılar içəri buraxılmayacaq.

Abituriyentlər imtahana “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsində fotoşəkli olmayan iştirakçılar əlavə olaraq təhsil müəssisəsi tərəfindən verilmiş, fotoşəkilli və möhürlə təsdiqlənmiş arayışı da özləri ilə gətirməlidirlər.

Qabiliyyət imtahanını uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə biləcəklər.

DİM abituriyentlərə imtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda gəlməyi və imtahan qaydaları ilə əvvəlcədən tanış olmağı tövsiyə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir