Kənd təsərrüfatı torpaqlarının bölünməsinə yeni məhdudiyyət – 5 hektardan az olmayacaq

Kənd təsərrüfatı torpaqlarının bölünməsinə yeni məhdudiyyət – 5 hektardan az olmayacaq

Yeni qanunla torpaqların konsolidasiyası üçün hüquqi mexanizm yaradılır, qonşu torpaq sahiblərinə isə üstünlük hüququ verilir

Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyinin artırılması məqsədilə bir sıra qanunlara dəyişiklikləri təsdiqləyib.

Kənd təsərrüfatı torpaqları birləşdirilə və yenidən bölüşdürülə biləcək

Dəyişikliklərlə Torpaq Məcəlləsinə “kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası” anlayışı əlavə edilir. Bu mexanizm çərçivəsində torpaq sahələrinin birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyənləşdirilməsi və dəyişdirilməsi mümkün olacaq.

Konsolidasiya torpaq mülkiyyətçilərinin razılığı və ekvivalent bazar dəyəri əsasında aparılacaq. Torpaqların bazar qiyməti müvafiq qiymətləndirici tərəfindən müəyyən ediləcək. Konsolidasiya nəticəsində torpağın dəyəri azalarsa, yaranan fərq mülkiyyətçiyə kompensasiya şəklində ödəniləcək.

Torpağın bölünməsinə 5 hektarlıq limit

Qanunun ən mühüm yeniliklərindən biri kənd təsərrüfatı torpaqlarının bölünməsi ilə bağlıdır.

Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar özgəninkiləşdirildikdə onların bölünməsinə yalnız yeni yaranan hər bir torpaq sahəsinin ölçüsü ən azı 5 hektar olduqda icazə veriləcək.

Bu məhdudiyyət dövlət ehtiyacları üçün özgəninkiləşdirilən torpaqlara şamil edilməyəcək.

Qonşu torpaq sahibinə üstünlük veriləcək

Kənd təsərrüfatı təyinatlı torpaq satılarkən həmin sahə ilə birbaşa ümumi sərhədə malik olan qonşu torpaq sahələrinin mülkiyyətçiləri həmin torpağı eyni şərtlərlə almaqda üstünlük hüququna malik olacaqlar.

Vərəsəlik zamanı da yeni qaydalar tətbiq ediləcək

Torpaq sahəsinin vərəsələr arasında 5 hektardan az hissələrə bölünməsi mümkün olmadıqda, torpaq üzərində yerləşən təsərrüfatla birlikdə satıla biləcək. Bu halda vərəsələrə onların payları pul şəklində veriləcək.

Konsolidasiya üçün xüsusi layihə hazırlanacaq

Yeni qaydalara əsasən, torpaqların konsolidasiyası xüsusi layihə əsasında həyata keçiriləcək. Layihədə torpaqların mövcud sərhədləri, ölçüləri, yerləşməsi, bazar qiyməti və mülkiyyət hüquqları araşdırılacaq, daha sonra yeni bölgü və sərhədlər müəyyənləşdiriləcək.

Konsolidasiya nəticəsində torpaq sahələri üzərində hüquqların yenidən rəsmiləşdirilməsi üçün bölgü sənədi əsas olacaq.

Bununla yanaşı, qanunvericiliyə edilmiş dəyişikliklərlə kənd təsərrüfatı torpaqlarının konsolidasiyası ilə bağlı məlumatların daşınmaz əmlakın dövlət kadastrı və reyestrində rəsmiləşdirilməsi üçün də hüquqi əsas yaradılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir