Sentyabrın 22-də Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev Türkiyənin Baş Qərargahının Beynəlxalq Müştərək Strateji Komandanlığının rəhbəri general-polkovnik Sebahattin Kılınçla görüş keçirib.
Xəbər Yerində xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı Kərim Vəliyev Türkiyə nümayəndə heyətini salamlayaraq Azərbaycan-Türkiyə əlaqələrinin dostluq və qardaşlıq münasibətləri ilə yanaşı, strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini vurğulayıb.
Tərəflər Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə təşkil olunan birgə təlimlərin əhəmiyyətini də müzakirə ediblər. Bildirilib ki, bu təlimlər şəxsi heyətin hazırlıq səviyyəsinin artırılmasına, hərbi təcrübənin qarşılıqlı şəkildə paylaşılmasına və iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın daha da inkişafına şərait yaradır.
Görüşdə hərbi və hərbi təhsil sahələrində əməkdaşlıq, hərbi-texniki məsələlər, regional təhlükəsizlik, eləcə də tərəflərin qarşılıqlı maraq göstərdiyi digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Mənbə: Azərtag



