Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne şəhəri sahillərində sərnişin gəmisi batıb.
“Xəbər Yerində” xəbər verir ki, hadisə Girne limanından Türkiyənin Mersin vilayətinin Taşucu istiqamətində hərəkət edən katamaran tipli sərnişin gəmisinin su alması nəticəsində baş verib.
Məlumata görə, gəmidə 259 sərnişin və 8 heyət üzvü olmaqla ümumilikdə 267 nəfər olub. Gəmi Girne sahilindən təxminən 7,5 kilometr aralıda, Diana Beach yaxınlığında batıb.
Hadisə yerinə sahil mühafizə qüvvələri, təcili yardım və digər xilasetmə qrupları cəlb olunub. Sərnişinlərin bir qisminin xilas edildiyi və bəzi şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
ŞKTR rəsmiləri hadisə ilə bağlı axtarış-xilasetmə əməliyyatının davam etdiyini açıqlayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində ölənlər və yaralananlar da var, lakin itkilərin dəqiq sayı hələ açıqlanmayıb.

