Rusiyanın Kiyevə endirdiyi ballistik raket zərbələri Azərbaycanın səfirliyinin yerləşdiyi əraziyə yaxın nöqtələri də hədəf alıb.
Xeberyerinde AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiyanın Kiyev şəhərinə həyata keçirdiyi ballistik raket hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığında yerləşən ərazilərə də ziyan dəyib.
Məlumata görə, zərbələrin əsas istiqaməti “Lukyanovka” metrostansiyasının ətrafı olub. Hücum nəticəsində metrostansiyanın giriş hissəsi ciddi şəkildə dağılıb, yaxınlıqdakı yaşayış binaları zərər görüb, bir neçə avtomobildə isə yanğın baş verib.
Bundan əlavə, Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasından təxminən 200-250 metr məsafədə yerləşən ərazidə dağıntılar qeydə alınıb və yanğın baş verib.
Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı ilkin məlumata əsasən, raket hücumu nəticəsində 1 nəfər həlak olub, daha 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xilasetmə və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.






