Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisdə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Məsələ parlamentin oktyabrın 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Bildirilib ki, qanun layihəsi korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların verilməsi, həmin məlumatların qəbulu və araşdırılması, eləcə də məlumat verən şəxslərin hüquqi müdafiəsi və həvəsləndirilməsi ilə bağlı münasibətləri tənzimləmək məqsədilə hazırlanıb.
5 fəsil və 19 maddədən ibarət sənədin əsas məqsədi təşkilatlarda şəffaflığın artırılması, korrupsiya hallarının aşkar edilməsi və qarşısının alınması, korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşdırılmasıdır.
Layihədə məlumat verən şəxslərin hüquq və qanuni mənafelərinin qorunması, onların qanunsuz təsirdən və ədalətsiz rəftardan müdafiəsi əsas prinsiplər kimi müəyyən edilib.
Sənəddə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların verilməsi və qəbulu üzrə subyektlər, məlumat verən şəxsin tanınması, məlumatların qeydiyyata alınması və araşdırılması qaydaları da təsbit olunur.
Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq mülki-hüquqi, inzibati və ya intizam tədbirlərinin görülməsi, cinayət əlamətləri aşkarlandıqda isə materialların aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, məlumat verən şəxslərin və onların yaxınlarının təhlükəsizliyi təmin ediləcək, şəxsi məlumatlarının konfidensiallığı qorunacaq.
Bundan əlavə, həmin şəxslərin dövlət hesabına peşəkar hüquqi yardım almaq, məhkəmə xərclərindən azad olunmaq, dəymiş maddi və mənəvi zərərin kompensasiyasını tələb etmək hüquqları müəyyənləşdirilir.
Diqqətə çatdırılıb ki, korrupsiya faktları barədə məlumat verən şəxslərin həvəsləndirilməsi üçün maddi mükafat mexanizmi də nəzərdə tutulub.

