Kürdəmir rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Ağsu–Kürdəmir–İmişli magistralının Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata əsasən, hərəkətdə olan “Daewoo” markalı avtomobil əvvəlcə yolun kənarında dayanmış “VAZ-2106” markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən daha bir “VAZ” markalı avtomobil də qəzaya cəlb olunub.
Toqquşma nəticəsində avtomobillərdən biri idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı rayon sakinləri – 27 yaşlı Əlismayıl Əliyev və 34 yaşlı Kamran Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır, qəzanın başvermə səbəbləri dəqiqləşdirilir.
Mənbə: Apa

