Xəbər Yerində xəbər verir ki, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması prosesində ən çətin məsələlərdən biri ərazi ilə bağlı fikir ayrılıqları olaraq qalır.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Kiyevdə keçirilən Yalta Avropa Strategiyasının (YES 2026) toplantısında bildirib ki, Vaşinqton Moskva və Kiyevdə aparılan son danışıqlar mərhələsindən razıdır.
Onun sözlərinə görə, tərəflər arasında ortaq mövqenin formalaşdırılmasında əsas çətinlik ərazi məsələsidir. Kuşner bu məsələdə vəziyyətin döyüş meydanındakı proseslərdən də təsirləndiyini qeyd edib.
ABŞ rəsmisi Vaşinqtonun mümkün qədər tez Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün keçirilməsinə çalışdığını bildirib.
Kuşnerin sözlərinə görə, tərəfləri birbaşa masa arxasında bir araya gətirmək “servis diplomatiyası”ndan daha məhsuldar nəticə verə bilər.
O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndə heyəti ilə görüş zamanı Moskvanın mövqeyini açıqlayıb. Kuşner bildirib ki, ABŞ-ın məqsədi tərəflərin maraqlarına zidd olmayan və münaqişənin davam etməsinin qarşısını alacaq həll yolu tapmaqdır.
Amerikalı diplomat danışıqlarda yaxın bir neçə həftə ərzində irəliləyiş əldə olunacağına ümid etdiyini də vurğulayıb.
Mənbə: Report.az

