Lənkəranda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan uşaq evində fövqəladə hallarla bağlı maarifləndirici tədbir keçirilib.
Xeber Yerinde xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış Birgə Fəaliyyət Planına uyğun olaraq təşkil olunub.
FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları Sosial Xidmətlər Agentliyinin Lənkəran şəhər O. Mirzəyev adına 5 saylı uşaq evində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə aparıblar.
Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan şəxslərdə və onlara qulluq edənlərdə təbii və texnogen xarakterli fövqəladə hallar zamanı düzgün davranış vərdişlərinin formalaşdırılması və hazırlıq səviyyəsinin artırılması olub.
Tədbirdə yanğın və zəlzələ zamanı davranış qaydaları, ölkə üçün xarakterik fövqəladə hallar barədə məlumat verilib. Həmçinin FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub.

