Xəbər Yerində xəbər verir ki, Lənkəran-Astara magistral yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində iki nəfər həyatını itirib, bir nəfər isə ağır xəsarət alıb.
Hadisə sentyabrın 16-da saat 21:20 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisində, təxminən 154-155-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, Astara istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus İran istiqamətinə gedən “Dong Feng” markalı yük avtomobili ilə toqquşub. Zərbənin təsirindən mikroavtobus deformasiyaya uğrayıb və iki nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış şəxslərin meyitlərini avtomobildən çıxarıblar. Ölənlərin 1961-ci il təvəllüdlü Ağayeva Gülnaz Yusub qızı və 1997-ci il təvəllüdlü Nəsirov Zaman Tərlan oğlu olduğu müəyyənləşib.
Qəzada xəsarət alan 1978-ci il təvəllüdlü Gülnarə Süleyman qızı Hüseynova Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Mikroavtobusun sürücüsü, 1984-cü il təvəllüdlü Amid Əhməd oğlu Məmmədov və yük avtomobilinin İran vətəndaşı olan sürücüsü Aydın Riyazi xəsarət almayıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


