Məkkədə iki nəfər edam edildi: Banqladeş hökuməti xəbərsiz qalıb
Səudiyyə Ərəbistanında Məkkə şəhərindəki məscidlərdən birində qeyri-əxlaqi hərəkətlər törətməkdə təqsirli bilinən iki Banqladeş vətəndaşı edam edilib. Hadisə ilə bağlı yeni təfərrüatlar açıqlanıb.
Xəbər Yerində xəbər verir ki, edam olunan şəxslər Nəzrul İslam Əbdül Basir və Siti Axtar adlı Banqladeş vətəndaşlarıdır.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, təhlükəsizlik qüvvələri həmin şəxsləri Məkkədəki məscidlərdən birində qeyri-əxlaqi hərəkətlər törətməkdə ittiham edərək saxlayıb. Araşdırmalardan sonra iş məhkəməyə göndərilib və təqsirləndirilən şəxslər barəsində ölüm hökmü çıxarılıb.
Nazirliyin məlumatına əsasən, hökm müvafiq məhkəmə instansiyası tərəfindən təsdiqlənib və kralın əmri ilə icra olunub. Edamların 14 oktyabr 2026-cı ildə Məkkə bölgəsində həyata keçirildiyi bildirilir.
Rəsmi açıqlamada hadisənin konkret detalları, əməlin necə törədildiyi və şəxslərin nə vaxt saxlanıldığı barədə ətraflı məlumat verilməyib.
Banqladeş hökuməti izahat tələb edir
Hadisənin diqqətçəkən məqamlarından biri də Banqladeş tərəfinin edamlar barədə əvvəlcədən məlumatlandırılmadığını bildirməsidir.
“South China Morning Post” və Banqladeşin “The Daily Star” nəşrinin məlumatına görə, Banqladeşin Ciddədəki Baş Konsulluğu Səudiyyə Ərəbistanının müvafiq qurumlarına müraciət edərək məsələ ilə bağlı rəsmi izahat istəyib.
Banqladeş rəsmiləri hadisənin təfərrüatlarını, məhkəmə prosesinin gedişini və vətəndaşlarının hansı şəraitdə mühakimə olunduğunu aydınlaşdırmağa çalışırlar.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi isə açıqlamasında məscidlərin toxunulmazlığının qorunmasının və ölkə qanunlarının icrasının vacibliyini vurğulayıb.
Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanının rəsmi açıqlamasında ittihamın konkret mahiyyəti və hadisənin baş verdiyi məscidin adı göstərilməyib.

