Xəbər Yerində xəbər verir ki, süd vəzi xərçəngini geridə qoymuş qadınların iştirakı ilə “Mən xərçəngə qalib gəldim” devizi altında görüş keçirilib.
“Referans Hayat Hospital”ın onkoloq-mammoloqu, PhD, Dr. Günay Əhmədovanın təşəbbüsü ilə təşkil olunan görüş süd vəzi xərçəngi ilə mübarizə ayı çərçivəsində həyata keçiriləcək layihələrin başlanğıcı olub.
Səmimi söhbət formatında keçirilən tədbirdə iştirakçılar diaqnozu ilk öyrəndikləri gündən müalicənin başa çatmasına qədər keçdikləri mərhələlərdən, üzləşdikləri çətinliklərdən, ailə və yaxınlarının dəstəyindən, eləcə də xəstəlikdən sonra gündəlik həyata qayıdışlarından danışıblar.
Görüşdə vurğulanıb ki, süd vəzi xərçəngi ilə mübarizə aparan qadınlar üçün tibbi müalicə ilə yanaşı, mənəvi dəstək və ümid də mühüm əhəmiyyət daşıyır.
Dr. Günay Əhmədova çıxışında xəstəliyin qadınların həm fiziki, həm də emosional həyatına təsir etdiyini bildirib. Onun sözlərinə görə, tibbi baxımdan mümkün olduğu hallarda süd vəzisinin qorunması ilə yanaşı, pasiyentin həyat keyfiyyətinin və özünəinamının dəstəklənməsi də nəzərə alınmalıdır.
Həkim “Heç bir xanım süd vəzisini itirməsin” mesajını səsləndirərək erkən aşkarlanmanın əhəmiyyətinə diqqət çəkib və qadınları süd vəzisində hər hansı dəyişiklik müşahidə etdikdə vaxtında mütəxəssisə müraciət etməyə çağırıb.
Tədbirin sonunda iştirakçılara ümid və yeni başlanğıcların rəmzi olaraq ağ qızılgüllər təqdim edilib.
Layihə çərçivəsində süd vəzi xərçəngini geridə qoymuş qadınların şəxsi hekayələrinin paylaşılması, xəstəliklə bağlı maarifləndirmə işlərinin aparılması və erkən diaqnostikanın əhəmiyyətinin diqqətə çatdırılması planlaşdırılır.









