Xəbər Yerində İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək.
Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qanunun 48-1-ci maddəsinin (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması) yeni redaksiyada verilməsi təklif olunur.
Dəyişiklik Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) Azərbaycanın bu sahədəki sisteminə dair 5-ci raund qiymətləndirmə hesabatında FATF-ın 26-cı və 27-ci Tövsiyələri üzrə hazırlanıb.
Yeni qaydalara əsasən, banklar, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları və onların idarəçiləri, eləcə də xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə konsolidasiya olunmuş nəzarət həyata keçiriləcək.
Bu, nəzarətin yalnız ayrı-ayrı maliyyə institutlarını deyil, bütövlükdə maliyyə qrupunun fəaliyyətini əhatə edəcəyi deməkdir.
Risk profilləri mütəmadi qiymətləndiriləcək
Maliyyə institutlarının və maliyyə qruplarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində risk profilləri, o cümlədən qanunvericiliyin tələblərinə əməl edilməməsi riskləri dövri olaraq qiymətləndiriləcək.
Maliyyə institutu yenidən təşkil olunduqda, benefisiar mülkiyyətçiləri dəyişdikdə, fəaliyyət növlərində, müştəri qrupunda və ya coğrafi fəaliyyət dairəsində dəyişiklik baş verdikdə risk profili yenidən nəzərdən keçiriləcək.
Bundan başqa, əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və ya məbləği 40 faiz və ya daha çox artarsa, təkrar qiymətləndirmə aparılacaq.
Nəzarətin intensivliyini Mərkəzi Bank müəyyən edəcək
Mərkəzi Bank nəzarət tədbirlərinin dövriliyini və intensivliyini maliyyə institutunun və ya maliyyə qrupunun risk profilini, siyasətini, daxili qaydalarını, nəzarət mexanizmlərini və prosedurlarını nəzərə almaqla müəyyən edəcək.
Bu zaman ölkə səviyyəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və onun maliyyələşdirilməsi riskləri də diqqətdə saxlanılacaq.
Nəzarətin həyata keçirilməsi zamanı maliyyə institutlarının və qruplarının xüsusiyyətləri, institutların müxtəlifliyi və sayı, eləcə də onlara verilmiş səlahiyyətlərin genişliyi qiymətləndiriləcək.
Mərkəzi Bank sənəd və məlumat tələb edə biləcək
Qanun layihəsinə əsasən, Mərkəzi Bank nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə maliyyə institutlarından və maliyyə qruplarından yazılı sorğu əsasında sənəd və məlumat tələb etmək hüququna malik olacaq.
Tələb olunan sənəd və məlumatlar Mərkəzi Bankın sorğusunda müəyyən edilmiş müddətdə təqdim edilməlidir.
Beləliklə, dəyişikliklə Mərkəzi Bankın maliyyə institutları və maliyyə qrupları üzərində risk əsaslı nəzarət, eləcə də məlumat tələb etmək səlahiyyətləri daha aydın və əhatəli şəkildə müəyyənləşdirilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

