Gəncədə neft məhsullarının saxlanıldığı strateji əhəmiyyətli obyektdə yanğın-taktiki təlim keçirilib.
Xəbər Yerində xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən “SOCAR Petroleum” QSC-nin 6 saylı Gəncə Neft Baza Sahəsində təlim təşkil olunub.
Təlimin əsas məqsədi neft məhsullarının saxlanıldığı çənlərdə yanğın zamanı xilasedici və yanğından mühafizə bölmələrinin birgə fəaliyyətinin təkmilləşdirilməsi olub.
Ssenariyə uyğun olaraq çənlərdən birində şərti yanğın baş verib. Hadisə yerinə operativ çatan FHN-in Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları ərazidə kəşfiyyat aparıb və daha sonra “yanğının söndürülməsi” əməliyyatını həyata keçiriblər.
Təlim çərçivəsində həmçinin obyekt əməkdaşlarının fövqəladə vəziyyət zamanı davranış qaydaları ilə bağlı biliklərinin artırılması məqsədilə praktiki iş aparılıb.
Təlim başa çatdıqdan sonra nəticələr qiymətləndirilib və aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
Təlimə 43 nəfər şəxsi heyət və 8 texnika cəlb olunub.

