Xəbər Yerində xəbər verir ki, Masallı rayonunda fəaliyyət göstərən iki toyuq kəsimi obyektində yoxlama zamanı bir sıra qanun pozuntuları aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, AQTA əməkdaşları İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində və Digah kəndində Paşayev Füzuli İbrahim oğluna məxsus kəsim sahəsində monitorinq aparıblar.
Yoxlama zamanı hər iki obyektdə quşların müvafiq müşayiətedici sənədlərinin olmadığı müəyyənləşdirilib. Həmçinin müəssisələrdə sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmadığı, eləcə də digər nöqsanların mövcud olduğu aşkarlanıb.
Faktlarla bağlı obyekt sahiblərinin hər ikisi barəsində inzibati protokol tərtib olunub və fəaliyyətlə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Bundan əlavə, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

