SXəbər Yerində xəbər verir ki, Bakıda ictimai nəqliyyatda avtobus parkının genişləndirilməsinə baxmayaraq, bəzi marşrutlarda sərnişinlərin dayanacaqlarda uzun müddət gözləməsi problemi davam edir.
Xüsusilə səhər saatlarında bir sıra avtobus xətlərində intervalların uzanması, nəqliyyat sıxlığı və texniki nasazlıqlar sərnişinlərin gündəlik hərəkətinə ciddi təsir göstərir.
Hazırda Bakı şəhərində marşrut xətlərinə rekord sayda – 2530 avtobusun cəlb edildiyi açıqlanıb. Lakin avtobusların sayının artırılması bütün istiqamətlərdə gözləmə müddətinin avtomatik olaraq azalmasına səbəb olmayıb.
Avtobus yolda xarab oldu, sərnişinlər piyada getməli qaldı
Bu gün də həmin istiqamətlərdən birində hərəkət edən avtobuslardan birinin yolda texniki nasazlıq səbəbindən dayanması sərnişinlərin yolunu yarımçıq qoyub.
Avtobusdan düşmək məcburiyyətində qalan sərnişinlər təxminən 20 dəqiqə piyada hərəkət etməli olublar.
Belə hallar problemin yalnız marşrutlarda avtobus sayının artırılması ilə məhdudlaşmadığını, nəqliyyat vasitələrinin texniki vəziyyətinin və xətt üzrə hərəkətin operativ idarə edilməsinin də mühüm əhəmiyyət daşıdığını göstərir.
Sərnişin 6 nömrəli avtobusu 40 dəqiqədən çox gözləyib
“Musavat.com”a daxil olan şikayətlərə əsasən, xüsusilə səhər pik saatlarında bəzi marşrutlarda ciddi gecikmələr müşahidə olunur.
Sakinlərdən biri 6 nömrəli avtobusu 1 saylı “ASAN xidmət” mərkəzinin yaxınlığındakı dayanacaqda 40 dəqiqədən artıq gözlədiyini bildirib.
Sərnişinlərin sözlərinə görə, intervalların pozulması nəticəsində dayanacaqlarda sıxlıq yaranır, avtobuslar isə daha çox sərnişinlə hərəkət etməli olur. Bu da insanların işə və digər ünvanlara vaxtında çatmasına maneə yaradır.
AYNA: Sıxlıq intervalların artmasına səbəb ola bilər
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib.
AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, Bakı şəhərində ilk dəfə olaraq marşrut xətlərinə rekord sayda – 2530 avtobus cəlb olunub.
Onun sözlərinə görə, metro xətlərinin ayrılması layihəsi çərçivəsində 8 ekspres marşrut təşkil edilib, 28 müntəzəm xətt isə gücləndirilib.
Tural Orucov qeyd edib ki, marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı bəzi hallarda avtobuslar arasındakı intervalın artmasına səbəb olur.
AYNA rəsmisinin sözlərinə görə, hazırda qurumun Sərnişin Daşımalarının Monitorinq Mərkəzi tərəfindən avtobusların hərəkət intervalları izlənilir və vəziyyətə nəzarət edilir.
O əlavə edib ki, avtobusların müəyyən olunmuş hərəkət sxemi üzrə daha rahat hərəkət etməsi üçün polis orqanları ilə birgə tədbirlər görülür.
Beləliklə, paytaxtda avtobusların sayının artırılması ilə yanaşı, onların xətt üzrə fasiləsiz və vaxtında hərəkətinin təmin edilməsi də əsas məsələlərdən biri olaraq qalır.
Xüsusilə texniki nasazlıq baş verdikdə xəttə əvəzedici avtobusların operativ şəkildə buraxılması və nəqliyyat sıxlığının marşrut intervallarına təsirinin mümkün qədər azaldılması sərnişinlərin gözləmə müddətinin qısaldılması baxımından əhəmiyyətlidir.

