Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Bakı-Quba avtomobil yolunun Abşeron rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə saat 12:05 radələrində yolun 13,5-ci kilometrliyində, Masazır dairəsi adlanan yol qovşağının üzərində yerləşən körpüdə qeydə alınıb.
İlkin məlumata görə, 01-CN-479 dövlət qeydiyyat nişanlı “Scania” markalı iritutumlu yük avtomobili əvvəlcə ayırıcı sədlə toqquşub. Toqquşmadan sonra yük maşını qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb.
Zərbənin təsirindən hər iki avtomobil yolun metal arakəsmələrinə çırpılıb.
Minik avtomobilində bir nəfər ölüb
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, hadisə barədə “112” qaynar xəttinə məlumat daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları göndərilib.
Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalan bir nəfəri çıxarıblar. Həmin şəxsin hadisə yerində öldüyü müəyyən edilib və cəsədi aidiyyəti üzrə təhvil verilib.
Qəza nəticəsində daha iki nəfərin xəsarət aldığı bildirilib. Baş Dövlət Yol Polisi İdarəsinin ilkin məlumatında isə minik avtomobilində olan digər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunub.
Əraziyə dağılan yanacaq yuyulub
Qəza zamanı yola və ətrafa dağılan yanacaq FHN əməkdaşları tərəfindən yuyularaq ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
DYP-dən yük maşını sürücülərinə xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı sürücülərə müraciət də edib.
İdarə bəzi yük avtomobili sürücülərinin sürət həddinə, ara məsafəsinə, ötmə və manevr qaydalarına əməl etməməsini, həmçinin yol və hava şəraitini nəzərə almadan hərəkəti davam etdirməsini yolverilməz hesab edib.
Qeyd olunub ki, ağırtonnajlı nəqliyyat vasitələrinin idarə olunması zamanı məsuliyyətsiz davranış digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradır. DYP belə halların ölüm və ağır xəsarətlərlə nəticələnə biləcəyini vurğulayıb.
İdarədən bildirilib ki, yolları təhlükə mənbəyinə çevirən və digər şəxslərin həyatına real təhlükə yaradan yük avtomobili sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər gücləndiriləcək.
Kobud qayda pozuntularına yol verən və insanların həyat və sağlamlığını təhlükəyə atan şəxslərlə bağlı qanunvericiliyə uyğun ən ciddi tədbirlərin görüləcəyi açıqlanıb.



