MEDİA-dan “Ajmedia.news” barədə sərt açıqlama

MEDİA-dan “Ajmedia.news” barədə sərt açıqlama

MEDİA-dan xəbərdarlıq: Bu saytın fəaliyyəti qanunsuz hesab edilib

Medianın İnkişafı Agentliyi Azərbaycanda bəzi informasiya resurslarının müxtəlif icmaların adından çıxış edərək özlərini həmin milli azlıqların maraqlarını təmsil edən media qurumu kimi təqdim etməyə çalışdığını açıqlayıb.

“Xəbər Yerində” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Azərbaycanda media fəaliyyəti ilə məşğul olan bütün subyektlər “Media haqqında” Qanunun tələblərinə əməl etməli və qanunvericiliyə uyğun olaraq “Media Reyestri” İnformasiya Sistemində qeydiyyatdan keçməlidirlər.

“Ajmedia.news”la bağlı açıqlama

Agentliyin məlumatına görə, özünü Azərbaycan Yəhudi Media Mərkəzinin və yəhudi əsilli ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış informasiya portalı kimi təqdim edən “Ajmedia.news” saytı Media Reyestrində yer almır.

Bəyanatda bildirilib ki, saytın yayımladığı materiallarda media etikası tələblərinə də riayət olunmayıb.

Bundan əlavə, “Media haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı məhkəmə tərəfindən müvafiq qərar qəbul edildiyi və resursun fəaliyyətinin qanunsuz hesab olunduğu açıqlanıb.

Medianın İnkişafı Agentliyi bütün media subyektlərini, o cümlədən hər hansı icmanın və ya sosial qrupun adından çıxış edən informasiya resurslarını qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.

Agentlik həmçinin belə resursların hüquqi və peşəkar statusu, fəaliyyət istiqaməti və təmsilçilik xarakteri barədə ictimaiyyətə dəqiq, obyektiv və şəffaf məlumat verməsinin vacibliyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir