Xəbər Yerində xəbər verir ki, Meksikada dini mərasimə hazırlıq zamanı atəşfəşanlıq vasitələrinin partlaması nəticəsində azı 20 nəfər xəsarət alıb.
Hadisə bazar günü gecə Temaskalsinqo bələdiyyəsinin Santa-Mariya-Kançes icmasında baş verib.
Məlumata görə, partlayış ərazidə icmanın müqəddəs himayədarının gününün qeyd olunmasına hazırlıq aparıldığı vaxt baş verib. Güclü partlayış dalğası kilsənin yaxınlığındakı tikilinin uçmasına səbəb olub.
Hadisədən sonra dağıntılar altında insanların qala biləcəyi ehtimalı ilə əraziyə xilasedicilər cəlb olunub. İlkin məlumatlarda yaralıların sayının 30-dan çox ola biləcəyi də bildirilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə hadisə yerində ciddi dağıntıların olduğu görünür.
Hazırda xilasedicilər dağıntılar altında qalan şəxslərin olub-olmadığını müəyyənləşdirməyə çalışırlar. Ölənlərin olub-olmaması ilə bağlı isə hələlik rəsmi məlumat açıqlanmayıb.
Mənbə: Oxu.az

