Metro və dəmir yolu üçün bəzi torpaqlar dövlət ehtiyacları üçün alınacaq

Metro və dəmir yolu üçün bəzi torpaqlar dövlət ehtiyacları üçün alınacaq

Xəbər Yerində xəbər verir ki, Azərbaycanda metro, dəmir yolu və tramvay infrastrukturu ilə bağlı layihələr üçün zəruri torpaq sahələrinin dövlət ehtiyacları məqsədilə alınmasına hüquqi imkan yaradılması təklif olunur.

Hansı ərazilər dövlət ehtiyacları üçün alınacaq?

Məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Təklifə əsasən, tunellərin, o cümlədən metro tunellərinin, dəmir yolu, metropoliten və tramvay xətlərinin, həmçinin stansiya və depoların tikintisi, quraşdırılması, genişləndirilməsi və təkmilləşdirilməsi üçün tələb olunan torpaq sahələri dövlət ehtiyacları üçün alına biləcək.

Bununla əlaqədar Mülki Məcəlləyə də dəyişiklik edilməsi nəzərdə tutulur.

Bakıdakı nəqliyyat layihələri

Qanun layihəsinin metro və dəmir yolu infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı dövlət layihələrinin daha səmərəli həyata keçirilməsinə hüquqi əsas yaratmaq məqsədi daşıdığı bildirilib.

Xatırladılıb ki, Prezidentin 30 yanvar 2025-ci il tarixli sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib.

Proqram çərçivəsində yeni stansiya və depoların, nəqliyyat xətlərinin inşası, eləcə də mövcud infrastrukturun yenilənməsi nəzərdə tutulur.

Hüquqi mexanizmlər dəqiqləşdiriləcək

Təklif olunan dəyişikliklərin əsas məqsədi dövlət ehtiyacları üçün torpaqların alınması zamanı tətbiq edilən hüquqi mexanizmləri daha dəqiq müəyyənləşdirməkdir.

Layihənin qəbulunun nəqliyyat və kommunikasiya layihələrinin, xüsusilə metro və dəmir yolu infrastrukturunun genişləndirilməsini sürətləndirəcəyi, həmçinin torpaqların alınması prosesində hüquqi müəyyənlik və şəffaflığın artırılmasına xidmət edəcəyi qeyd olunub.

Layihədə dövlət və vətəndaş maraqlarının qanunvericilik çərçivəsində balanslaşdırılması da nəzərdə tutulur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir