Milli Aviasiya Akademiyasında ABŞ aviasiya məktəbi fəaliyyətə başladı – FOTO

Milli Aviasiya Akademiyasında ABŞ aviasiya məktəbi fəaliyyətə başladı – FOTO

Xəbər Yerindənin Elm və Təhsil Nazirliyindən əldə etdiyi məlumata görə, Milli Aviasiya Akademiyasında (MAA) ABŞ-nin aviasiya təhsili üzrə ixtisaslaşmış ali təhsil müəssisələrindən biri olan Spartan Aeronavtika və Texnologiya Məktəbinin fəaliyyətə başlamasına həsr olunan açılış mərasimi keçirilib.

Tədbirdə MAA-nın rektoru, akademik Arif Paşayev, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev, ABŞ-nin Spartan Aeronavtika və Texnologiya Kollecinin və “Spartan Education Group”un nümayəndələri iştirak ediblər.

Arif Paşayev: Aviasiya təhsili elmi potensialla dəstəklənməlidir

Akademik Arif Paşayev çıxışında müasir aviasiyanın inkişafında yalnız yüksəkixtisaslı kadrların hazırlanmasının deyil, elmi-tədqiqatların, yeni texnologiyaların və praktiki tətbiqlərin bir araya gətirilməsinin də vacib olduğunu bildirib.

O qeyd edib ki, aviasiya təhsilinin elmi potensialla gücləndirilməsi və beynəlxalq təcrübə ilə zənginləşdirilməsi Azərbaycan aviasiyasının gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə Azərbaycanda nəqliyyat infrastrukturunun, o cümlədən hava nəqliyyatı sektorunun inkişafı istiqamətində həyata keçirilən layihələrdən danışıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Spartan Aeronavtika və Texnologiya Məktəbinin Azərbaycanda filialının fəaliyyətə başlamasını aviasiya təhsili və insan kapitalının inkişafı baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirib.

AZAL rəhbəri yeni təlim imkanlarından danışdı

“Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev MAA-da uçuş hazırlığının təşkili, praktiki təlim imkanları və müasir aviasiya mütəxəssislərinin yetişdirilməsi üçün yaradılan şərait barədə məlumat verib.

O, Milli Aviasiya Akademiyasında yeni fəaliyyətə başlayan Beynəlxalq Təlim Mərkəzinin bu istiqamətdə mühüm rol oynadığını vurğulayıb.

Samir Rzayev Spartan Azərbaycan Aviasiya Məktəbinin fəaliyyətə başlamasını da aviasiya sahəsində kadr hazırlığının inkişafı istiqamətində növbəti mühüm addım kimi dəyərləndirib.

“FAA A&P” lisenziya proqramı ilə bağlı açıqlama

Azərbaycanda ilk “FAA A&P” lisenziya proqramının təşəbbüskarı və dəstəkçisi, “ALG” şirkətinin təsisçisi Fərhad Azima bildirib ki, Spartan Azərbaycan Aviasiya Məktəbinin fəaliyyətə başlaması ölkədə aviasiya təhsili sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq.

Onun sözlərinə görə, yeni məktəb yeni nəsil aviasiya mütəxəssislərinin hazırlanmasında da mühüm rol oynaya bilər.

“Spartan Education Group”un Baş İcraçı Direktoru Robert Polston, Strategiya və Biznesin İnkişafı üzrə icraçı vitse-prezidenti Daniel Bregman və Direktorlar Şurasının üzvü, kapitan David Bourne də tədbirdə çıxış edərək ABŞ-nin aviasiya təhsili sahəsindəki təcrübəsi, beynəlxalq əməkdaşlığın əhəmiyyəti və layihənin gələcək perspektivləri barədə fikirlərini bölüşüblər.

ADA Universitetinin prorektoru Vəfa Kazdal isə çıxışında təhsil tərəfdaşlığının əhəmiyyətini vurğulayıb.

Tərəflər arasında müqavilə imzalandı

Spartan Aeronavtika və Texnologiya Məktəbinin Azərbaycanda fəaliyyətə başlaması ilə əlaqədar tərəflər arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Qeyd edək ki, yeni məktəbdə ümumilikdə 63 tələbənin təhsil alması nəzərdə tutulur.

Tədrisin təşkili artıq başlayıb. İyunun 1-dən tələbələr üçün ingilis dili kursları keçirilir. Əsas tədris prosesinə isə noyabrın 16-dan start veriləcək.

Tədbirin sonunda iştirakçılar xatirə fotosu çəkdiriblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir