Milli Məclisdə Azərbaycan–Slovakiya əlaqələri müzakirə olundu-FOTO

Milli Məclisdə Azərbaycan–Slovakiya əlaqələri müzakirə olundu-FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan və Slovakiya arasında dostluq münasibətləri, strateji tərəfdaşlıq və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Sahibə Qafarova bildirib ki, son illər iki ölkə arasında əlaqələr dinamik şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Spiker qeyd edib ki, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətlərin daha da genişlənməsi üçün möhkəm hüquqi baza yaradıb. Onun sözlərinə görə, yüksək səviyyəli qarşılıqlı səfərlər və siyasi dialoq bu prosesdə mühüm rol oynayır.

Sahibə Qafarova Prezident Peter Pelleqrinin Azərbaycana rəsmi səfərinin, eləcə də Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüşlərin ikitərəfli əlaqələrin inkişafında yeni mərhələ açdığını vurğulayıb. O, bu səfərin əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Tərəflər humanitar sahədə, xüsusilə təhsil və mədəniyyət istiqamətlərində əməkdaşlığın əhəmiyyətini də qeyd ediblər. Bildirilib ki, cari ilin oktyabrından Bakı və Bratislava arasında birbaşa aviareyslərin açılması xalqlar arasında əlaqələrin genişlənməsinə və yeni imkanların yaranmasına xidmət edəcək.

Görüşdə parlamentlərarası münasibətlər də əsas müzakirə mövzularından biri olub. Sahibə Qafarova vurğulayıb ki, qanunverici orqanlar arasında qarşılıqlı səfərlər və daimi təmaslar əməkdaşlığın inkişafına mühüm töhfə verir. O, may ayında Slovakiya Milli Şurasının sədri Rixard Raşinin Azərbaycana səfəri zamanı parlamentlər arasında Anlaşma Memorandumunun imzalanmasını yüksək qiymətləndirib.

Söhbət zamanı Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də Slovakiyanın Qarabağın bərpasına verdiyi dəstək də diqqət mərkəzində olub. Qeyd edilib ki, Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən həyata keçirilən “ağıllı kənd” layihəsi uğurlu əməkdaşlığın nümunəsidir. Həmçinin Ağdam şəhərində inşa ediləcək tam orta məktəbin iki ölkə arasında dostluğun rəmzi olacağı bildirilib.

Prezident Peter Pelleqrini Azərbaycana növbəti dəfə səfər etməkdən məmnunluğunu ifadə edərək, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi və digər istiqamətlərdə əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu deyib. O, son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Slovakiya Prezidenti Şuşaya səfərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, Avropa İttifaqına üzv ölkənin prezidenti kimi bu şəhərə rəsmi səfər edən ilk dövlət başçısı olmasından qürur duyduğunu bildirib. O, Qarabağda aparılan bərpa və yenidənqurma işlərini yüksək qiymətləndirərək, Slovakiya şirkətlərinin bu prosesdə iştirakını uğurlu əməkdaşlığın göstəricisi adlandırıb.

Görüşün sonunda tərəflər parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir