Milli Musiqi Günü Üzeyir Hacıbəyovun məzarı ziyarət edildi

Milli Musiqi Günü Üzeyir Hacıbəyovun məzarı ziyarət edildi

Xəbər Yerində xəbər verir ki, sentyabrın 18-də dahi bəstəkar, musiqişünas, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü tamam olur.

Bu tarix eyni zamanda böyük bəstəkarın doğum günü münasibətilə ölkədə Milli Musiqi Günü kimi qeyd edilir.

Anım mərasimi Fəxri xiyabanda keçirildi

Əlamətdar günlə bağlı tədbirlər ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarının ziyarət olunması ilə başlayıb.

Mərasimdə mədəniyyət naziri Adil Kərimli və tanınmış mədəniyyət xadimləri iştirak ediblər. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları ziyarət olunub, onların xatirəsi ehtiramla yad edilib.

Daha sonra Üzeyir Hacıbəylinin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb.

“Üzeyir Hacıbəyli irsi daim bizim üçün vacibdir”

Mədəniyyət naziri Adil Kərimli Milli Musiqi Günü münasibətilə təbriklərini çatdırıb. Nazir bildirib ki, sentyabrın 18-i 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncama əsasən Milli Musiqi Günü kimi qeyd olunur.

O, Üzeyir Hacıbəylinin irsinin Azərbaycan mədəniyyəti üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Adil Kərimli qeyd edib ki, bu gün həmçinin Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır. Festival sentyabrın 18-dən 30-dək davam edəcək.

“Azərbaycan musiqisində tarixi dövr başladı”

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə isə Üzeyir Hacıbəylinin Azərbaycan musiqisində mühüm dönüş yaratdığını bildirib.

Onun sözlərinə görə, dahi bəstəkarın fəaliyyəti milli musiqi sənətinin inkişafında yeni mərhələnin başlanmasına səbəb olub və Azərbaycan musiqisinin dünya səviyyəsində tanınmasına böyük töhfə verib.

Görkəmli sənətkarların məzarları da ziyarət edildi

Ziyarət zamanı I Fəxri xiyabanda dəfn olunan Azərbaycan musiqisinin digər korifeylərinin – Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin də məzarları yad olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir