Türkiyəli müğənni Murat Dalkılıç burun problemi ilə bağlı uzunmüddətli müalicə prosesinin davam etdiyini açıqlayıb.
Xəbər Yerində xəbər verir ki, sənətçi indiyədək 13 dəfə burun əməliyyatı keçirsə də, hələ də rahat nəfəs ala bilmədiyini bildirib. Dalkılıç növbəti, 14-cü əməliyyata hazırlaşdığını deyib.
Müğənni yaşadığı problemin estetik məqsədlə bağlı olmadığını, uşaqlıqdan davam edən sağlamlıq problemi səbəbindən bir sıra əməliyyatlar keçirdiyini qeyd edib.
Onun sözlərinə görə, uzun sürən əməliyyatlardan birində burnunda infeksiya yaranıb və bu, vəziyyətin daha da ağırlaşmasına səbəb olub. Dalkılıç bildirib ki, əməliyyatlardan biri 11 saat yarım davam edib və bundan sonra uzunmüddətli müalicə prosesi başlayıb.
Sənətçi hazırda da nəfəs almaqda çətinlik çəkdiyini və qarşıda kiçik müdaxilələrin olduğunu deyib. Həkiminin onun üçün bir neçə əməliyyatdan ibarət müalicə planı hazırladığını bildirən Dalkılıç neçə əməliyyatın hələ qarşıda olduğunun dəqiq bilinmədiyini vurğulayıb.
Müğənni bu prosesin onun üçün həm fiziki, həm də psixoloji baxımdan ağır olduğunu daha əvvəl də açıqlamışdı.

