İsrail Baş naziri Binyamin Netanyahu İranla diplomatik razılaşmanın mümkün olmadığını açıqlayıb.
Netanyahu avqustun 25-də İsrailin işğal altındakı İordan çayının qərb sahilində keçirilən tədbirdə çıxışı zamanı ABŞ Prezidenti Donald Trampla son görüşündə İran məsələsini müzakirə etdiklərini bildirib.
O deyib ki, görüş zamanı üç variant nəzərdən keçirilib. Birinci variant İranla diplomatik razılaşmanın əldə olunması olub.
“Yaxşı razılaşmaya etirazımız yoxdur. Lakin oradakı qrupla, həmin ‘vəhşilərlə’ razılaşmanın əldə edilə biləcəyinə şübhə edirəm. Sizə deyirəm ki, onlarla razılaşmaq mümkün deyil”, – Netanyahu bildirib.
İsrail Baş naziri ikinci variantın hərbi addım, üçüncü variantın isə İrana qarşı təzyiq və mühasirənin daha da sərtləşdirilməsi olduğunu deyib.
Netanyahu Trampın İranın iqtisadiyyatına qarşı yeni təzyiq kampaniyasını da alqışlayıb. O bildirib ki, ABŞ Prezidenti yalnız İrana deyil, İran hakimiyyətinə yardım edən ölkə və qurumlara qarşı da təzyiqləri artırmaq qərarına gəlib.
Netanyahu həmçinin İsrailin İranla qarşıdurmasının başa çatmadığını və ölkəsinin özünü qorumaq üçün lazım olan addımları atacağını vurğulayıb.
Mənbə: arabnews.com

