Avqustun 23-də Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev universitetin açılış mərasimində iştirak ediblər. Dövlət başçıları əvvəlcə rəmzi açılışı bildirən lenti kəsib, daha sonra universitetin həyətində ağac əkiblər.
Prezidentlərə ali təhsil müəssisəsinin tarixi və burada yaradılan şərait barədə məlumat verilib.
Qeyd edək ki, universitetin əsası 1935-ci ildə Mərkəzi Asiya Dövlət Universitetinin Pedaqoji fakültəsinin bazasında yaradılan Daşkənd Pedaqoji İnstitutu ilə qoyulub. 1947-ci ildə təhsil müəssisəsinə Nizami adı verilib, 1998-ci ildən isə universitet kimi fəaliyyət göstərir.
Hazırda burada 17 mindən çox tələbə təhsil alır. Universitetdə 730 müəllim və elmi-pedaqoji işçi çalışır, 38 bakalavr və 31 magistr ixtisası üzrə kadr hazırlığı aparılır.
Təhsil ocağı Azərbaycan da daxil olmaqla dünyanın müxtəlif ölkələrinin universitetləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Mərasim çərçivəsində İlham Əliyev və Şavkat Mirziyoyev universitetin müəllim və tələbələri ilə görüşərək onlarla söhbət ediblər.
Bildirilib ki, universitetin “Yeni Daşkənd” ərazisində 40 hektar sahədə yeni kampusu da inşa olunur. Kampusun 20 min nəfərlik tədris korpusları və 5 min nəfərlik tələbə yataqxanalarını əhatə etməsi nəzərdə tutulur. Burada Nizami Gəncəvi Muzeyinin də yaradılması planlaşdırılır.

