Özge Gürel Bakıda: “Bu hekayədə yer almaq mənim üçün böyük qürurdur”

Özge Gürel Bakıda: “Bu hekayədə yer almaq mənim üçün böyük qürurdur”

Türkiyənin məşhur aktrisası Özge Gürel “44” bədii filminin premyerasında iştirak etmək üçün Bakıya gəlib.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, aktrisa oktyabrın 12-də paytaxtda keçiriləcək “44” filminin premyerasına qatılacaq.

Bakıda pərəstişkarları tərəfindən qarşılandı

Özge Gürel bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanında media nümayəndələri və pərəstişkarları tərəfindən qarşılanıb.

Jurnalistlərin suallarını cavablandıran aktrisa Azərbaycana ilk dəfə məhz “44” filminin çəkilişləri ilə əlaqədar gəldiyini bildirib.

“Çox həyəcanlıyam”

Özge Gürel filmin ssenarisini ilk oxuduğu andan layihədən təsirləndiyini və onun üçün xüsusi əhəmiyyət daşıdığını deyib:

“Ssenarini ilk oxuduğum gündən məni çox həyəcanlandıran bir layihə idi. Eyni zamanda, mən Azərbaycana, Bakıya heç vaxt gəlməmişdim. Bura gəlmək, burada vaxt keçirmək, üstəlik, sizin üçün bu qədər əhəmiyyətli bir hekayədə yer almaq mənim üçün böyük qürur mənbəyidir. Bu, həqiqətən də, çox qürur duyduğum bir təcrübədir. Ona görə də çox həyəcanlıyam”.

Aktrisa filmi hələ izləmədiyini, onunla birlikdə tamaşaçıların da ilk dəfə premyerada baxacağını bildirib.

“İlk növbədə, filmi çox maraqla gözləyirəm. Hələ izləməmişəm, mən də sabah premyerada baxacağam. Treylerlər isə inanılmaz dərəcədə gözəl görünür”, – deyə Özge Gürel qeyd edib.

“44” filmi Bakıda təqdim olunur

Qeyd edək ki, oktyabrın 12-də Heydər Əliyev Mərkəzində “44” bədii filminin premyerası keçiriləcək.

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa həsr olunan film gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir