Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərdə son vəziyyətlə bağlı açıqlama verib.
“Ermənistan tarixini əvvəl və sonra olaraq iki yerə ayıra bilərik”
Paşinyan 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli görüşün birinci ildönümü münasibətilə yazılı mesaj yayıb.
O, həmin görüşü “Sülh sammiti”, Əliyevlə qəbul etdikləri və Trampın “şahid” qismində imzaladığı birgə sənədi isə “Sülh Bəyannaməsi” adlandırıb.
Paşinyan 8 avqust 2025-ci il tarixini Ermənistan üçün dönüş nöqtəsi kimi qiymətləndirib:
“8 avqust 2025-ci il dönüş nöqtəsidir və Ermənistan tarixini bu tarixdən əvvəl və sonra olaraq iki yerə ayıra bilərik. 8 avqusta qədər dövlətimiz dalana dirənmişdi, lakin bu tarixdən sonra qarşımızda sonsuz imkanlar açıldı”.
Sülh sazişinin imzalanmasını vurğulayıb
Ermənistan Baş naziri Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanan sülh sazişinin hələ imzalanaraq ratifikasiya edilmədiyini xatırladıb.
O, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası prosesinin başa çatdırılmasının vacibliyini vurğulayıb.
Azərbaycan həbsində olan ermənilərlə bağlı açıqlama
Paşinyan Azərbaycanda həbsdə olan Ermənistan vətəndaşlarının məsələsinə də toxunub. O, həmin şəxslərin vəziyyətinin Ermənistanda narahatlıq doğurduğunu bildirib.

