Penitensiar Xidmətin Kadrlar İdarəsinin sabiq rəisi, ədliyyə polkovniki Əflatun Muxtar oğlu Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
“Xəbər Yerində” Globalinfo-ya istinadən xəbər verir ki, Əflatun Məmmədov 2016-cı il sentyabrın 27-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Təxminən 10 il Kadrlar İdarəsinə rəhbərlik edib
Ə.Məmmədovun sonrakı fəaliyyəti əsasən Penitensiar Xidmətin kadr məsələləri ilə bağlı olub. O, 2018-ci ildə Penitensiar Xidmətə yeni əməkdaşların qəbulu ilə bağlı keçirilən andiçmə mərasimində çıxış edib.
Həmin tədbirdə yeni əməkdaşlara qanunçuluq, insan hüquq və azadlıqlarına hörmət, humanizm və qərəzsizlik prinsiplərinə riayət etməyi tövsiyə edib.
Beləliklə, Ə.Məmmədov təxminən 10 il Penitensiar Xidmətin Kadrlar İdarəsinə rəhbərlik edib.
250 min manatdan çox rüşvət iddiası
2023-cü ildə İcmal.az Əflatun Məmmədovun Penitensiar Xidmətdə işə düzəlmək istəyən bəzi şəxslərdən ümumilikdə 250 min manatdan artıq rüşvət aldığı barədə iddialar yayıb.
Həmin yazıda məsələ ilə bağlı digər yüksək vəzifəli şəxslərin də adları çəkilib.
Əflatun Məmmədovun adı bundan əvvəl də tənqidi materiallarda hallanıb. 2021-ci ildə yayımlanan materiallardan birində onun adı cəzaçəkmə müəssisələrindən birinin rəhbərinin başqa müəssisəyə təyinatı ilə bağlı iddialar kontekstində çəkilib.
May ayında vəzifəsindən azad edilmişdi
Ə.Məmmədov 2026-cı ilin mayında Penitensiar Xidmətdə tutduğu vəzifədən azad edilib.
Onun “xidməti fəaliyyəti zamanı yol verdiyi nöqsanlara görə” vəzifədən çıxarıldığı bildirilib. Lakin həmin nöqsanların konkret nədən ibarət olduğu açıqlanmayıb.
2026-cı il oktyabrın 5-də isə Əflatun Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

