Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasında mühüm rol oynadığını bəyan edib.
ABŞ-ın The Floridian nəşrinin yaydığı məlumata görə, dövlət başçısı bu fikirləri Şuşada keçirilən IV Qlobal Media Forumu zamanı səsləndirib. Prezident İlham Əliyev Tramp administrasiyasının sülh prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Bildirilir ki, Breitbart Newsun jurnalisti Coşua Klayn Prezidentə Donald Tramp administrasiyasının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına əvvəlki ABŞ administrasiyalarından, xüsusilə Co Bayden dövründən fərqli olaraq hansı töhfələri verdiyi barədə sual ünvanlayıb.
Dövlət başçısı cavabında Donald Trampın yanaşmasının sələflərindən fərqləndiyini vurğulayıb.
“Prezident Trampın yanaşması tamamilə fərqli idi. O, sülhü sevən insandır. Özünün də qeyd etdiyi kimi, bir çox münaqişələrin həllinə töhfə verib. Bu, onun xarakterindən, baxışından və siyasətindən irəli gəlir. Bizim vəziyyətimizdə də onun rolu çox vacib idi”, – deyə Prezident İlham Əliyev bildirib.
Prezident qeyd edib ki, Donald Tramp və komandası sülh sazişi üzrə danışıqların yekun mərhələsində prosesə qoşularaq tərəflərin razılığa gəlməsinə imkan yaradan çərçivə formalaşdırıblar.
“Prezident Tramp və komandası elə bir mühit yaratdı ki, sülh mümkün oldu. Onlar bu prosesdə narahatlıqlarımızı tam şəkildə anladılar”, – deyə dövlət başçısı əlavə edib.
The Floridian yazır ki, Prezident İlham Əliyev Ağ Evdə Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşü də xatırladıb və həmin görüşdə sülh sazişinin əldə olunduğunu qeyd edib.
Nəşr, həmçinin ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mastın fikirlərinə də yer verib. Onun sözlərinə görə, Donald Trampın xarici siyasətdə əsas üstünlüyü dünya liderlərinin onun qətiyyətli mövqeyinə inanmasıdır.
Məqalədə əlavə olunur ki, Donald Tramp 2025-ci ilin avqustunda ABŞ-ın Azərbaycana birbaşa yardımını məhdudlaşdıran Azadlığa Dəstək Aktının 907-ci düzəlişini ləğv edib.
Mənbə:APA

