Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoyub.
Dövlət başçısı Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib və tarixi Qələbənin əldə olunmasında Azərbaycan Ordusunun qəhrəmanlığından, xalqın birliyindən və milli iradəsindən danışıb.
Prezident: “Düşmənin beli döyüş meydanında qırıldı”
İlham Əliyev çıxışında 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbçilərin xatirəsini ehtiramla yad edib.
Prezident bildirib ki, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində qəhrəmanlıq, rəşadət, vətənpərvərlik və fədakarlıq nümayiş etdirib. Onun sözlərinə görə, 300-dən çox şəhər və kənd döyüş meydanında azad edilib, noyabrın 9-dan 10-na keçən gecə isə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olub.
Dövlət başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir və gələcək nəsillər də bu Qələbə ilə fəxr edəcəklər.
“Bizi irəliyə aparan milli ruhumuz idi”
Prezident qeyd edib ki, Ermənistan işğal etdiyi ərazilərdə bir neçə müdafiə xətti qurub, istehkamlar yaradıb və geniş əraziləri minalayıb. Buna baxmayaraq, Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq göstərərək düşmənin müdafiə xətlərini yarıblar.
İlham Əliyev Qələbənin əldə olunmasında ordu quruculuğunun, hərbi təlimlərin, müasir silah və texnika ilə təchizatın mühüm rol oynadığını bildirib. Bununla yanaşı, əsas gücün xalqın və hərbçilərin milli ruhundan qaynaqlandığını vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan xalqı heç vaxt torpaqların işğalı ilə barışmaq niyyətində olmayıb və ölkənin ərazi bütövlüyünün bərpası üçün sona qədər mübarizə aparıb.
Prezident Şuşanın azad edilməsinin əhəmiyyətindən danışdı
İlham Əliyev 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsinin İkinci Qarabağ müharibəsinin taleyini həll etdiyini bildirib.
O, Ermənistanın keçmiş rəhbərliyinin səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına cavab olaraq söylədiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsini də xatırladıb.
Prezident bildirib ki, həmin nida işarəsi 2023-cü il sentyabrın 20-də Xankəndidə keçirilən antiterror əməliyyatı nəticəsində qoyulub. Birgünlük əməliyyat nəticəsində Ermənistanın 15 minlik işğalçı hərbi korpusu iflic vəziyyətinə salınıb və qarşı tərəf ikinci dəfə təslim olmağa məcbur edilib.
“Azad Qarabağda qurub-yaradırıq”
Dövlət başçısı çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə də toxunub.
Onun sözlərinə görə, Ermənistan işğal dövründə Azərbaycan torpaqlarında şəhər və kəndləri dağıdıb, tarixi abidələri və məscidləri məhv edib, təbii sərvətləri talayıb.
Hazırda isə azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır və “Böyük Qayıdış” Proqramı icra olunur.
Prezident bildirib ki, artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır və çalışır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir.
Xankəndidə Zəfər Muzeyi yaradılır
İlham Əliyev Xankəndidə Zəfər tağının önündə çıxış etdiyini qeyd edərək bildirib ki, bu, Azərbaycanın şanlı Qələbəsinin şərəfinə ucaldılmış ikinci Zəfər tağıdır. Birinci Zəfər tağı Bakıda yerləşir.
Dövlət başçısı Xankəndidə də Zəfər Muzeyinin yaradılacağını açıqlayıb. Bildirib ki, muzeyin yaradılması ilə bağlı son tamamlama işləri aparılır.
Muzeyin keçmiş icra hakimiyyətinin binasında yerləşəcəyini deyən Prezident həmin binanın vaxtilə Azərbaycana qarşı işğalçılıq siyasətinin mərkəzlərindən biri olduğunu vurğulayıb.
“Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir”
Prezident çıxışında milli-mənəvi dəyərlərin, azərbaycançılıq ideologiyasının və xalqın birliyinin ölkənin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
O qeyd edib ki, Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsi xalqı birləşdirən əsas amillərdir.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu gün siyasi, iqtisadi və hərbi baxımdan güclü, heç kimdən asılı olmayan və müstəqil siyasət yürüdən dövlətdir.
Dövlət başçısı çıxışının sonunda şəhidlərin xatirəsini ehtiramla yad edərək Azərbaycan xalqına, Silahlı Qüvvələrə və dövlətə xoş arzularını çatdırıb:
“Azərbaycan xalqına eşq olsun! Silahlı Qüvvələrimizə eşq olsun! Yaşasın Azərbaycan!”















