İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilən layihələrlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa şəhərinin Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində icra olunan layihələrə baxış keçirib.
APA-nın xəbərinə görə, Qarabağ küçəsində yerli investorların iştirakı ilə müxtəlif təyinatlı ümumilikdə 10 bina inşa edilib. Tikililər arasında mehmanxana, apart-hotel, ofis və ictimai iaşə obyektləri yer alır.
Layihənin həyata keçirilməsi zamanı tikinti keyfiyyəti ilə yanaşı, binaların memarlıq üslubunun Şuşanın tarixi simasına uyğunlaşdırılmasına da xüsusi önəm verilib.
Bildirilib ki, bu layihə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın inkişafı istiqamətində görülən işlərin tərkib hissəsidir. İnşa edilən binalar şəhərin memarlıq görünüşünü daha da zənginləşdirir, eyni zamanda burada aparılan bərpa və yenidənqurma işlərinin geniş miqyasını nümayiş etdirir.
Qeyd olunub ki, layihə həmçinin Şuşanın iqtisadi fəallığının artmasına, şəhər sakinləri və qonaqları üçün daha rahat şəraitin yaradılmasına töhfə verir.
Vurğulanıb ki, həyata keçirilən layihə Azərbaycanda dövlət-özəl tərəfdaşlığı modelinin uğurla tətbiq olunduğunu da əyani şəkildə göstərir.

