Xəbər Yerində president.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, komissiyanın sədri Baş nazirin müavini Şahin Mustafayev təyin edilib.
Komissiyanın yaradılmasında məqsəd tikinti layihələrinin həyata keçirilməsi zamanı inzibati prosedurların təkmilləşdirilməsi, dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və icra intizamına nəzarətin gücləndirilməsidir.
Komissiyanın tərkibi açıqlandı
Komissiyanın üzvləri aşağıdakılardır:
- Fövqəladə hallar nazirinin müavini;
- ekologiya və təbii sərvətlər nazirinin müavini;
- maliyyə nazirinin müavini;
- iqtisadiyyat nazirinin müavini;
- rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini;
- kənd təsərrüfatı nazirinin müavini;
- səhiyyə nazirinin müavini;
- mədəniyyət nazirinin müavini;
- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri;
- Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini;
- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini;
- Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini;
- İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi;
- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri;
- “Azərenerji” ASC İdarə Heyətinin sədri;
- “Azərişıq” ASC-nin sədri;
- “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru.
Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Katiblik yaradılacaq. Katibliyin funksiyalarını Nazirlər Kabinetinin Aparatı həyata keçirəcək.
Tikinti layihələrində gecikmələr araşdırılacaq
Sərəncama əsasən, Komissiya dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin icrası zamanı mövcud prosedur və mərhələlər üzrə vəziyyəti təhlil edəcək.
Bu çərçivədə icra müddətlərinə riayət olunması, gecikmələrin səbəbləri və icra intizamının vəziyyəti araşdırılacaq.
Komissiya dövlət vəsaiti hesabına maliyyələşdirilən layihələrin hazırlanması, razılaşdırılması və tikintiyə icazələrin verilməsi prosesində yaranan gecikmələrin operativ həllini təmin etməli, dövlət qurumları arasında koordinasiyanı gücləndirməlidir.
Həmçinin aidiyyəti qurumlardan hesabatlar alınacaq və tikinti layihələri üzrə razılaşdırma və icazə prosedurlarına daxil olan müraciətlərə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə baxılmasına nəzarət ediləcək.
Bu sahədə rəqəmsal həllərin, məlumat mübadiləsi mexanizmlərinin və qabaqcıl təcrübələrin tətbiqi imkanları da araşdırılacaq.
6 ay ərzində Prezidentə təkliflər təqdim ediləcək
Komissiya altı ay müddətində aşağıdakı məsələlərlə bağlı təkliflərini hazırlayaraq Prezidentə təqdim etməlidir:
- Tikinti layihələri üzrə razılaşdırma, icazə və digər inzibati prosedurların sadələşdirilməsi, icra mərhələləri və müddətlərinin optimallaşdırılması;
- özəl sektorun vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinə investisiyaların stimullaşdırılması üçün beynəlxalq təcrübəyə uyğun alət və təşviq mexanizmlərinin hazırlanması;
- tikinti layihələri üzrə açıq, şəffaf və rəqabətli mexanizmin, o cümlədən rəqəmsal vasitələrin tətbiqi;
- dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin qiymətləndirilməsində istifadə olunan smeta-normativ və qiymətqoyma mexanizmlərinin, eləcə də qiymətqoymanın resurs metodunun təkmilləşdirilməsi.
Komissiya görülmüş işlər barədə ildə bir dəfə Prezidentə hesabat verəcək. Zərurət yarandıqda digər dövlət qurumları və ekspertlər də onun işinə cəlb edilə biləcək.
Tikintiyə icazələr üzrə vahid məlumat bazası yaradılması təklif ediləcək
Sərəncamla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə də tapşırıq verilib.
Nazirlik tikintiyə icazələrlə bağlı müraciətlərə baxılması üçün mövcud dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi, zəruri məlumatların vahid məlumat bazasında toplanması, qurumlararası məlumat mübadiləsinin və sistemlərarası inteqrasiyanın yaxşılaşdırılması barədə təkliflərini altı ay ərzində hazırlayaraq Komissiyaya təqdim etməlidir.
Bundan əlavə, beynəlxalq təcrübəyə uyğun texnoloji həllərin genişləndirilməsi imkanları da nəzərdən keçiriləcək.
Sərəncamın 3.1-ci bəndinin icrasının monitorinqi və qiymətləndirilməsi isə Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

