İranın xüsusi xidmət orqanları ilə sıx əlaqələri olduğu bildirilən xaricdə yaşayan bloger Ələmdar Bünyadov Almaniyada səfərdə olan Azərbaycanın nümayəndə heyətinə yaxınlaşaraq əsassız iddialar səsləndirib.
Xeberyerinde Operativ Media-ya istinadən xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin köməkçisi Hikmət Hacıyev əvvəlcə onu dinləyib, daha sonra səsləndirilən iddialara cavab veriblər.
Ceyhun Bayramov bildirib ki, blogerin səsləndirdiyi fikirlər onun şəxsi qənaətidir və bunların həqiqət kimi təqdim edilməsi qəbuledilməzdir.
“Qeyd etdiyiniz məsələlər sizin şəxsi qənaətinizdir və şəxsi qənaətinizi həqiqət kimi təqdim etməyiniz qəbuledilməzdir. Bununla bağlı Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən qərar qəbul olunubsa, həmin qərardan apelyasiya və kassasiya qaydasında şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar mövcuddur. İşgəncələrlə bağlı dedikləriniz də sizin mülahizənizdir. Mən əminəm ki, Azərbaycanda işgəncə tətbiq edilə bilməz, xüsusilə də qadınlara qarşı. Ümumilikdə bu, mümkünsüzdür”, – deyə nazir vurğulayıb.
Hikmət Hacıyev isə çıxışında məsələyə obyektiv yanaşmanın vacibliyini qeyd edərək bildirib:
“Hamısının kimin tərəfindən maliyyələşdirildiyini bilirsiniz? Məsələyə xüsusi obyektiv yanaşın. Siz Almaniyada hansı statusda yaşayırsınız? Azərbaycandan nəyə görə getmisiniz? Deyin, gəlin bir-birimizi dinləyək. Azərbaycanın suverenliyi və milli təhlükəsizliyi hər şeydən dəyərlidir”.
Qeyd edək ki, daha əvvəl də Hikmət Hacıyevin bloger Tural Sadıqlıya verdiyi oxşar məzmunlu cavab sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

