Qəza işi üzrə hökm: Məhkəmənin əsaslandığı faktlar

Qəza işi üzrə hökm: Məhkəmənin əsaslandığı faktlar

Arzumun məhkəmə hökmündə diqqət çəkən detallar

Ölümlə nəticələnən yol qəzasını törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli bilinərək 5 il 2 ay azadlıqdan məhrum edilən tiktoker İlduzə Hacıyeva (Arzum) barədə çıxarılan hökm tərəflərə təqdim olunub.

Xeberyerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə qərarının ictimai müzakirələrə səbəb olması nəzərə alınaraq hökmün tam mətni əldə edilib. İş materiallarında diqqət çəkən əsas məqamlardan biri İlduzə Hacıyevanın Azərbaycanda verilmiş sürücülük vəsiqəsinin olmamasıdır. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məhkəməyə göndərdiyi məktubda onun adına ölkə daxilində sürücülük vəsiqəsinin rəsmiləşdirilmədiyi bildirilib.

Bununla yanaşı, sənədlərdən məlum olur ki, Hacıyevanın Almaniya Respublikası tərəfindən verilmiş müddətsiz “B” kateqoriyalı sürücülük vəsiqəsi olub. Avtomobili icarəyə verən şirkətin rəhbəri ifadəsində qeyd edib ki, xarici ölkəyə məxsus sürücülük vəsiqəsi ilə vətəndaş bir ay müddətində avtomobil idarə edə bildiyindən, nəqliyyat vasitəsi də bu əsasla ona təhvil verilib.

İş materiallarına əsasən, Arzum “Changan Qiyuan A05 Plug-in Hibrid” markalı avtomobili özəl şirkətdən 10 günlük, gündə 60 manat ödəniş qarşılığında kirayəyə götürüb.

Şirkətin direktoru məhkəmədə şahid qismində ifadə verərək bildirib ki, qəzadan sonra Arzumla telefon əlaqəsi saxlayıb və avtomobilə ziyan dəyib-dəymədiyini soruşub. Onun sözlərinə görə, tiktoker qəzada iştirak etmədiyini, avtomobilin isə zədələnmədiyini deyib. Daha sonra şirkət əməkdaşları nəqliyyat vasitəsini hava limanından təhvil alıblar.

Cinayət işi materiallarında Hacıyevanın hadisədən sonra səhhətinin pisləşməsi ilə bağlı tibbi sənədlər də yer alıb. TƏBİB-in təqdim etdiyi məlumata əsasən, o, qəzanın baş verdiyi gün saat 01:34-də tibb mərkəzinə müraciət edib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində ona “isterik nevroz” diaqnozu qoyulub, ilkin tibbi yardım göstərilərək “Renalium” və natrium xlorid məhlulu venadaxili yeridilib.

Sənədlərdə qeyd olunur ki, İlduzə Hacıyeva saat 01:55-də tibb mərkəzini tərk edib. Beləliklə, onun tibb müəssisəsində cəmi 21 dəqiqə qaldığı rəsmi sənədlərlə təsdiqlənib. Bu məsələ məhkəmə araşdırmaları zamanı mübahisə doğuran məqamlardan biri olub.

Hökm çıxarılarkən məhkəmə təqsirləndirilən şəxsin ikisi azyaşlı olmaqla dörd övladının olmasını, əvvəllər məhkum edilməməsini və ilk dəfə cinayət törətməsini yüngülləşdirici hallar kimi qiymətləndirib. Zərərçəkmiş tərəflə barışığın əldə olunmaması isə cəzanı ağırlaşdıran amil kimi nəzərə alınıb.

Xatırladaq ki, İlduzə Hacıyeva bu ayın 2-də Xəzər Rayon Məhkəməsinin hökmü ilə həbs edilib. O, nə ibtidai istintaq, nə də məhkəmə baxışı zamanı özünü təqsirli hesab edib. Tiktoker qəza anını əks etdirən videogörüntülərə istinad edərək hadisədə günahsız olduğunu bildirib.

Arzum barəsində çıxarılan həbs hökmü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin əksəriyyəti paylaşdıqları rəylərdə onun qəzanın baş verməsində təqsirli olmadığını iddia ediblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir