Qızıl bahalaşdı, alıcılar geri çəkildi: Satmaq istəyənlərin sayı artdı

Qızıl bahalaşdı, alıcılar geri çəkildi: Satmaq istəyənlərin sayı artdı

Qızılın qiymətindəki artım Azərbaycanda zərgərlik bazarına da təsirsiz ötüşməyib. Bahalaşma alıcıların davranışını dəyişib, eyni zamanda əlində qızıl olan vətəndaşların satışa marağını artırıb.

Xəbər Yerində Bakuws-ə istinadən xəbər verir ki, zərgərlik mağazalarında son dövrlərdə müştəri axınının əvvəlki ilə müqayisədə azaldığı müşahidə olunur. Qiymətlərin yüksəlməsi səbəbindən vətəndaşlar zinət əşyası alarkən daha çox düşünür və seçimlərini ehtiyatla edirlər.

Bunun əksinə olaraq, qızılını satmaq istəyənlərin sayı artıb. Bir sıra vətəndaşlar qiymət artımından yararlanaraq uzun müddət saxladıqları zinət əşyalarını satışa çıxarırlar.

Paytaxtda fəaliyyət göstərən zərgər Aqil İsmayılov bildirib ki, hazırda alıcıların ən çox maraq göstərdiyi məhsullardan biri 585 əyyarlı qızıldır. Xalq arasında “Türk qızılı” kimi tanınan bu məhsulun bir qramı mağazalarda təxminən 165-170 manata satılır.

Onun sözlərinə görə, 750 əyyarlı italyan qızılı da alıcıların üstünlük verdiyi məhsullar sırasındadır. Bu növ qızılın bir qramının satış qiyməti hazırda 255-260 manat arasında dəyişir.

Zərgərin sözlərinə görə, 918 əyyarlı ərəb qızılında da qiymət artımı qeydə alınıb. Əvvəllər qramı 260 manata satılan bu qızılın qiyməti hazırda 280 manata yüksəlib.

Bazarın diqqətçəkən məqamlarından biri isə qızılın alış və satış qiymətləri arasındakı fərqdir. Mağazalar vətəndaşlardan qızılı satış qiymətindən xeyli aşağı məbləğə alırlar.

Hazırda 585 əyyarlı qızılın alış qiyməti bir qram üçün təxminən 131 manatdır.

Beləliklə, qızılın bahalaşması zərgərlik bazarında ikili vəziyyət yaradıb: yeni zinət əşyası almaq istəyənlər qiymətlərə görə geri çəkildiyi halda, qızılı olan vətəndaşlar onu satmaq üçün bazara üz tuturlar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir