Sabirabadda qohumlarının evlənmək məqsədilə fermaya gətirdiyi qadınla razılaşmayan 43 yaşlı kişi onu təhqir etdiyi üçün cərimələnib.
Xeber Yerinde Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Ulacalı kəndində baş verib.
Məlumata görə, Kamil Dadaşov (şərti ad) qohumlarının vasitəsilə bir qadınla tanış olub. Qadın onun işlədiyi fermaya evlilik məqsədilə gətirilib. Lakin tərəflərin birlikdə keçirdiyi ilk gündən sonra Kamil münasibətlərinin alınmayacağını düşünüb və qadının geri göndərilməsini istəyib.
Bu məsələ ilə bağlı aralarında mübahisə yaranıb. Kişi mübahisə zamanı qadının ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib.
Hadisə ilə əlaqədar polisə dəvət olunan Kamil burada da əsəbiləşərək qadın haqqında nalayiq ifadələr səsləndirib. O, sonradan verdiyi açıqlamada baş verənlərə görə peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə Kamil Dadaşov inzibati məsuliyyətə cəlb olunaraq 50 manat məbləğində cərimələnib.

