Xəbər Yerində xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilir.
“Modern.az”a danışan sabiq deputat Musa Musayev bildirib ki, Ramiz Mehdiyevlə bağlı mövqeyini hələ Milli Məclisdə deputat olduğu illərdə açıqlayıb.
O qeyd edib ki, 2000-2005-ci illərdə parlamentdə təmsil olunduğu, eləcə də 2006-2010-cu illərdə Naftalan Şəhər İcra Hakimiyyətində çalışdığı dövrdə Ramiz Mehdiyevlə bağlı fikirlərini açıq şəkildə ifadə edib.
Musa Musayev həmçinin Ramiz Mehdiyev barəsində cinayət işi başlanandan sonra da bu məsələ ilə bağlı müxtəlif media və televiziya kanallarında açıqlamalar verdiyini bildirib.
Sabiq deputat məhkəmə araşdırmasının nəticələrinə toxunaraq Ramiz Mehdiyevin təqsirinin sübuta yetiriləcəyi halda sərt cəza almalı olduğunu düşündüyünü deyib.
“Ulu öndərimiz Heydər Əliyevin çox gözəl kəlamları var. Tədbirlərin birində o, belə bir fikir səsləndirmişdi ki, dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”, – Musa Musayev bildirib.
Onun sözlərinə görə, Ramiz Mehdiyevin ağır qanun pozuntularına yol verdiyi məhkəmədə təsdiqlənərsə, sabiq deputat hesab edir ki, ona ən ağır cəza tətbiq edilməlidir.

