Rusiya ilə Belarus arasındakı Qomel sərhəd-keçid məntəqəsində kommersiya nəqliyyat vasitələrinin saxlanıldığı əraziyə dronla hücum edilib.
Xeber yerinde xəbər verir ki, Rusiya mənbələrinin yaydığı məlumata görə, hücumun Ukrayna tərəfindən həyata keçirildiyi iddia olunur.
Məlumata əsasən, sərhədi keçmək üçün gözləyən bir neçə yük maşını zərbələrə məruz qalıb. Nəticədə nəqliyyat vasitələrindən bəzilərində yanğın başlayıb.
Bildirilir ki, hadisə zamanı ərazidə Türkiyəyə məxsus yük maşınları da olub.
Hücum nəticəsində sərhəd-keçid məntəqəsində nəqliyyatın hərəkətində çətinliklər yarandığı qeyd edilir. Hadisənin digər təfərrüatları və mümkün itkilərlə bağlı məlumat verilmir.
Qeyd edək ki, son dövrlərdə Rusiya və Belarusun sərhədyanı ərazilərində pilotsuz uçuş aparatları ilə bağlı insidentlərin sayı artıb. Rusiya və Belarus tərəfi əvvəlki hadisələrdə də dronların Ukrayna ərazisindən gəldiyini bildirmişdi.

