Xəbər Yerində xəbər verir ki, Şəkidə iki gəncin ölümü ilə nəticələnən ziplayn qəzasından sonra “Şəki yaylası” istirahət mərkəzi hadisə ilə bağlı açıqlama yayıb.
Mərkəz hadisədən sonra səsləndirilən ziplayn xətlərinin qırılması ilə bağlı iddialara sosial şəbəkə hesabında paylaşdığı video vasitəsilə münasibət bildirib.
Mərkəz nümayəndəsi görüntülərdə ziplayn xətlərində qırılma olmadığını iddia edib. Onun sözlərinə görə, xətlər böyük hündürlükdən keçdiyindən ərazidə güclü külək və burulğanlar yaranır.
Nümayəndə bildirib ki, küləyin yaratdığı dalğalanma nəticəsində xətlər böyük yük altında olmasına baxmayaraq yatağından çıxıb. O, xətlərin dəmir hissələrə və beton maneələrə bərkidildiyini, ziplaynın özünü kilidləmə mexanizminin olduğunu deyib.
“Bu hadisənin necə baş verdiyi bizim üçün də qaranlıqdır. Ekstremal idman növü olduğu üçün belə bir acı təcrübə ilə ilk dəfə qarşılaşırıq”, – deyə mərkəz nümayəndəsi bildirib.
Qeyd olunub ki, ziplaynın gəliş və gediş xətləri eyni qülləyə bərkidilib.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmanın nəticələri açıqlanmayıb.
Mənbə: Qafqazinfo

