Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində iki nəfərin kanatdan düşərək ölməsi barədə Şəki rayon prokurorluğuna məlumat daxil olub.
Xəbər Yerində xəbər verir ki, hadisə ilə bağlı Baş Prokurorluqdan məlumat verib.
Araşdırma zamanı məlum olub ki, 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu “Zipline” əyləncəsindən istifadə etdikləri zaman kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb və əlavə təhlükəsizlik avadanlığı zədələnib.
Nəticədə hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində dünyasını dəyişib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi, texniki-təhlükəsizlik və s. ekspertizalar təyin edilib, eləcə də, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hadisə ilə bağlı Şəki rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.
Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının, o cümlədən başvermə səbəbləri və şəraiti, “Zipline” qurğularının texniki vəziyyəti və istismarının təhlükəsizlik tələblərinə uyğunluğu, eləcə də ona hüquqi qiymət verilməsi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

