Şəmkir rayonunun Sərxan kəndində 11 yaşlı qızın əməliyyatdan sonra vəfat etməsi ilə bağlı araşdırma aparılır.
Xəbər Yerində xəbər verir ki, 2015-ci il təvəllüdlü kənd sakini boğaz nahiyəsindəki problem səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Azyaşlıya adenoidlərin hipertrofiyası və xroniki tonzilit diaqnozları qoyulub. O, avqustun 26-da xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib və otorinolarinqoloji əməliyyat keçirib.
Əməliyyatdan sonra müalicəsi Reanimasiya şöbəsində davam etdirilən uşağın vəziyyətində avqustun 27-də qanaxma müşahidə olunub. Gün ərzində iki dəfə qanaxma qeydə alınıb.
Həkimlərin həyata keçirdiyi reanimasiya tədbirlərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Onun ölümü saat 13:40 radələrində qeydə alınıb.
Meyit məhkəmə-tibbi ekspertizanın aparılması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.
TƏBİB-dən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: APA

