Sahibkarlardan şok iddialar: “10 il ərzində bizdən 9 milyon manat alınıb”

Sahibkarlardan şok iddialar: “10 il ərzində bizdən 9 milyon manat alınıb”

Xəbər Yerində xəbər verir ki, bir qrup sahibkar fəaliyyətləri zamanı təzyiq, hədə-qorxu və qeyri-rəsmi maliyyə tələbləri ilə üzləşdiklərini iddia edərək aidiyyəti qurumlara müraciət edib.

Sahibkarlar Cavanşir Abduləzimov, Aydın Əliyev, Ramiz Məmmədov və digərlərinin sözlərinə görə, onlara uzun illər ərzində müxtəlif yollarla təzyiq göstərilib və fəaliyyətlərinə müdaxilə olunub.

C.Abduləzimov iddia edib ki, 2003-cü ildə onlara zəng edən şəxs özünü deputat İlham Əliyev və Ramiz Mehdiyevin kürəkəni kimi təqdim edib. Onun sözlərinə görə, həmin şəxs karxana fəaliyyətinə “yuxarı göstəriş” əsasında nəzarət edəcəyini bildirib və müəyyən ödənişlər qarşılığında vergi, elektrik və sosial xərclərdən azad olunacaqlarını deyib.

Sahibkar iddia edir ki, bu təklifdən imtina etdikdən sonra onlara həbs olunacaqları ilə bağlı təhdidlər səsləndirilib.

“10 il ərzində 9 milyon manat vermişik”

C.Abduləzimovun sözlərinə görə, sonrakı illərdə təzyiqlər davam edib və onlar təxminən 10 il ərzində hər ay 70-80 min manat ödəməyə məcbur olublar.

“Orta hesabla aylıq 75 min manat olmaqla, ümumilikdə təxminən 9 milyon manat vəsait bizdən alınıb”, – deyə sahibkar bildirib.

Onun sözlərinə görə, bu ödənişlər nəticəsində əlavə olaraq təxminən 5 milyon manat kredit borcu yaranıb. Sahibkar hazırda 130 min manatdan artıq vergi borclarının olduğunu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən isə 600 min manatdan çox cərimə tətbiq edildiyini iddia edib.

Sahibkarlar həmçinin karxana fəaliyyətinin davam etdirilməsi və lisenziyanın uzadılması prosesində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərəzli münasibət göstərdiyini bildiriblər.

Onlar hesab edirlər ki, faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı qiymətləndirmə, hərrac və lisenziyalaşdırma proseslərində şəffaflıq təmin edilməyib.

Sahibkarların sözlərinə görə, hazırda da onlardan şikayətlərini geri götürmələri tələb olunur və bununla bağlı təzyiqlər davam edir.

Qeyd edək ki, sahibkarlar məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə də müraciət ediblər.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir