Azərbaycanda 14-17 yaşlı uşaqlar tərəfindən və ya onların iştirakı ilə törədilən cinayətlərin sayı son illərdə azalma tendensiyası nümayiş etdirir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə bu yaş qrupuna aid şəxslər tərəfindən və ya onların iştirakı ilə 279 cinayət qeydə alınıb. Bu göstərici 2023-cü illə müqayisədə 85 fakt və ya 23,4 faiz azdır. 2023-cü ildə 364 belə cinayət qeydə alınmışdı.
Ötən il qeydə alınan cinayətlərin 41-i ağır və xüsusilə ağır cinayətlər olub. Bu göstərici də əvvəlki illə müqayisədə azalıb. Belə ki, 2023-cü ildə ağır və xüsusilə ağır cinayətlərin sayı 46 olub.
Statistikaya əsasən, azyaşlılar arasında ən çox rast gəlinən cinayət növü oğurluqdur. 2024-cü ildə 14-17 yaşlı şəxslər tərəfindən 88 oğurluq törədilib. Bunlardan 26-sı mənzillərdən oğurluq olub.
Hesabat ilində, həmçinin:
- 21 qəsdən sağlamlığa ağır zərər vurma,
- 12 xuliqanlıq,
- 10 dələduzluq,
- 7 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma,
- 6 qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd,
- 5 quldurluq,
- 4 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət,
- 4 soyğunçuluq faktı qeydə alınıb.
Bununla yanaşı, 2024-cü ildə 14-17 yaşlı şəxslər tərəfindən zorlama və ya zorlamaya cəhd cinayəti qeydə alınmayıb.
Uzunmüddətli statistikaya nəzər saldıqda isə görünür ki, yeniyetmələrin iştirakı ilə törədilən cinayətlərin sayı son 30 ildə əhəmiyyətli dərəcədə azalıb. Belə ki, 1993-cü ildə 821, 2005-ci ildə 525, 2017-ci ildə 532 belə cinayət qeydə alındığı halda, 2024-cü ildə bu rəqəm 279-a enib.
Məlumatlar göstərir ki, azyaşlıların iştirakı ilə törədilən cinayətlərin ümumi sayı azalsa da, oğurluq yenə də bu yaş qrupu arasında ən geniş yayılmış cinayət növü olaraq qalır.

