Su tarifləri dəyişdi: yeni ödənişlər kimlərə aiddir?

Su tarifləri dəyişdi: yeni ödənişlər kimlərə aiddir?

Xəbər Yerində xəbər verir ki, sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə yeni ödəniş mexanizmi qüvvəyə minib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən verilən məlumata görə, müvafiq ödənişlərin məbləği Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli qərarı ilə müəyyənləşdirilib.

Yeni qaydalara əsasən, tariflər istifadə olunan suyun mənbəyinə və məqsədinə görə dəyişir.

Belə ki, Xəzər dənizindən sənaye məqsədilə götürülən hər 10 min litr su üçün 4 qəpik ödəniş tutulacaq. Çay və göllərdən sənaye məqsədilə götürülən hər 1 000 litr su üçün tarif 4 qəpik, kənd və meşə təsərrüfatı üçün isə hər 10 min litr üçün 1 qəpik təşkil edir.

Balıqçılıq və akvakultura məqsədilə çay və göllərdən götürülən hər 100 min litr su üçün 1 qəpik ödəniləcək.

Yeraltı sulardan istifadə daha yüksək tariflə hesablanacaq. Sənaye məqsədilə götürülən hər 1 000 litr yeraltı su üçün ödəniş 40 qəpik müəyyən edilib. Balıqçılıq və akvakultura məqsədilə isə hər 100 min litr üçün 2 qəpik ödəniləcək.

Tullantı sularının su obyektlərinə axıdılmasına görə də ayrıca ödənişlər nəzərdə tutulub. Xəzər dənizinə məişət və sənaye tullantı sularının axıdılması zamanı hər 1 000 litr üçün 1 qəpik, çay və göllərə məişət tullantı sularının axıdılması zamanı 1 qəpik, sənaye tullantı sularının axıdılması zamanı isə 4 qəpik ödəniləcək.

Sutəmizləyici qurğularda təmizlənərək müəyyən edilmiş normalara uyğun vəziyyətə gətirilən tullantı sularına isə 0,7 əmsalı tətbiq olunacaq.

Qeyd edək ki, yeni ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədləri üçün sudan istifadəsinə şamil edilmir.

Yeni mexanizmin əsas məqsədinin su ehtiyatlarından daha səmərəli istifadənin təşviqi, uçot və hesabatlılığın gücləndirilməsi, həmçinin su ehtiyatlarının qorunması olduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir